15.09.2016

Neftçala rayon  məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar tədbir keçirilib

15 sentyabr “Bilik günü”-yeni dərs ilinin   başlanması münasibətilə Neftçala  rayon məktəblərində tədbirlər keçirildi. Neftçala  şəhər 4 nömrəli tam orta məktəbin tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov iştirak etdi. Müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edən Əjdər Kərimov çıxışı zamanı Neftçala rayon məktəblərin keçən il əldə etdikləri  uğurlardan, bu il qarşıda duran vəzifələrdən danışdı.O,öz çıxışında bildirdi ki, Bu il ali məktəblərə qəbul imtahanlarında nəticələrimiz ötən illərlə müqayisədə  daha yüksək olmuşdur.

Belə ki, 2015-2016-cı tədris ilində Neftçala rayonu üzrə ümumtəhsil müəssisələrinin 654 məzunundan 301 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 222 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanlardan 38  nəfəri  500-700 bal arasında, o cümlədən 16 nəfəri isə 600 - dən yuxarı bal toplamışdır.

Fənn Olimpiadalarında son  illər ərzində  mütəmadi olaraq rayonun şagirdləri uğurlu nəticələr əldə etmişdir. Qazanılan uğurların davamı olaraq 2016-cı ilin fənn   olimpiadalarının respublika mərhələsində 4 şagirdimiz qalib olaraq 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışlar.​

Bu il rayonun XI sinif şagirdlərindən təlim nəticələri ilə fərqlənən, fənn olimpiadalarında uğur qazanmış, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan 2 nəfər şagirdi qızıl, 1 nəfəri isə gümüş medala layiq görülmüşdür.

Digər uğurlardan da danışan Əjdər müəllim qarşıda duran vəzifələr barədə də məlumat verdi.O,eyni zamanda 2016-2017 tədris ilindən məktəblərdə tətbiq olunacaq yeniliklərdən danışaraq  bildirdi ki,rayonun 3 ümumtəhsil məktəbində -şəhər 1,4 nömrəli və Aşağı Surra kənd tam orta məktəblərində təmayül siniflərin açılması və məktəbəhazırlıq  təhsilinin təkili barədə  verilən əmr və qərarları  rəhbər tutaraq  5 yaşı dekabr ayının 31-nə dək tamam olan 1471 nəfər uşaqdan  599 nəfəri üçün rayonun 28 ümumtəhsil məktəbində məktəbəhazırlıq qruplarının yaradılması nəzərdə tutulmuşdur. 

Sonra  Neftçala Şəhər İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev müəllim və şagirdləri  yeni dərs ili münasibətilə təbrik edərək, onların uğurlarının hər kəsdə böyük fərəh doğurduğunu və davamlı olmasını arzuladı, o, eyni zamanda qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarını məlumatlandırdı.Tədbirdə həmçinin məktəbin direktoru, müəllimlər və valideynlər çıxış etdilər. Tədbir məktəblilərin şeirləri və müxtəlif səhnəcikləri ilə davam etdi.

 


Açar sözlər: ,  ,  ,