05.10.2016

 “Beynəlxalq Müəllimlər Günü”  Neftçala rayonunda qeyd edilib

5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Neftçala rayonunda da tədbir keçirildi.Tədbiri çıxış sözü ilə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Ə.Kərimov açdı.Son illər ərzində təhsil sahəsində qazanılan uğurlardan söhbət açan Əjdər müəllim bu uğurların qazanılmasında böyük əməyi olan rayon təhsil işçiləri,məktəb rəhbərləri və pedaqoji kollektivi səmimi qəlbdən təbrik etdi.Bu sahədə hər kəsə öz üzərinə düşən məsuliyyəti hiss edərək uğurların davamlı olması üçün əlindən gələni əsirgəməməyi  arzuladı.

Tədbirdə İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər işçiləri iştirak etdilər.Çıxış üçün söz verilən Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Gültəkin Sadıqova onların adından “ Beynəlxalq Müəllimlər Günü “ münasibəti ilə bütün müəlimləri təbrik etdi,gələcək peşə fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirdə Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə bu il “Əməkdar müəllim” adına layiq görülmüş Neftçala rayon Qədimkənd kənd tam orta məktəbin biologiya müəllimi Kərimova Raziyyə Abdulla qızı çıxış edərək hər kəsi təbrik etdi və ona göstərilmiş etimada  görə ölkə prezidentinə minnətdarlığını bildirdi.

Sonra bu il müsabiqə yolu ilə işə qəbul olunmuş məktəb direktorlarına da söz verildi.Onlar ölkə başçısına təhsil sahəsində göstərdiyi qayğı üçün xüsusi minnətdarlıqlarını bildirdilər.Təhsil strategiyasının həyata keçirilməsi sahəsində atılan addımların davamı olaraq bu il də direktorların müsabiqə yolu ilə işə qəbulunun şəffaf və qərəzsiz  olduğunu bir daha vurğuladılar.

Sonda Neftçala Rayon İcra Hakimiyyəti və  Neftçala Rayon Təhsil Şöbəsi tərəfindən təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar təqdim olundu.


Açar sözlər: ,