02.03.2017

“1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib

2017-ci tədris ili üçün Neftçala Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq "1 Mart- Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar Neftçala şəhər 1 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə nümunəvi Mülki Müdafiə günü keçirildi.

Maarifləndirmə xarakterli tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Natiq Kazımov, Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Qızıl Aypara Cəmiyyətinin Neftçala Rayon Təşkilatının sədri Əzizağa Abbasov və Neftçala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini mayor Anar Salahov iştirak etdi.

Məktəb şagirdlərinin iştirakı ilə məktəbin həyətində təlim prosesi həyata keçirildi. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdirdilər. Təlim zamanı süni yanğın hadisəsi təşkil olundu və həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagirdləri dörd dəqiqə ərzində binadan təxliyyə olundu. Təxliyyə olunan andan şərti xilasetmə əməliyyatına başlanıldı. Əvvəlcə "112" qaynar telefon xəttinə məlumat verildi.Şagirdlərin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan " yaralılar" həyətə çıxarıldılar. Onlara ilkin tibbi yardım göstərildi və təcili yardım maşınları ilə xəstəxanalara aparıldılar. Yanğınsöndürmə manqasının üzvləri tərəfindən alov lokalizə edilərək söndürüldü.

Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış oldu.

Tədbirin keçirilməsində əsas məqsəd əhalinin və şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə, kollektiv mühafizə qurğularında daldalanmaq qaydalarını nəzəri və əməli cəhətdən öyrətmək oldu.


Açar sözlər: ,  ,