07.09.2017

Neftçala rayon müəllimlərinin ənənəvi  sentyabr konfransı keçirildi.

     07 sentyabr 2017–ci il tarixdə Heydər Əliyev Mərkəzində Neftçala rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirildi. Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başladı.     

    Rayon Təhsil işçilərinin konfransında 300 nəfər nümayəndə, habelə 16 nəfər ali məktəblərə  tələbə qəbulunda 600-dən yuxarı bal toplamış məzunlar, 3 nəfər respublika fənn olimpiadasının qalibi, konfransa dəvət olunmuş idarə, müəssisə, təşkilat rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələrindən 35 nəfər- cəmi 350 nəfər iştirak etdi.

    Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Almaz xanım Əsgərova, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanov  və Rayon İcra Hakimiyyətinin Başçısı  cənab İsmayıl Vəliyev  iştirak etdilər. 

    Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov “2016-2017-ci dərs ilinin yekunları və cari dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edərək hal- hazırda rayonda 50 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta (onlardan biri hümanitar təmayüllü liseydir), 16 ümumi orta, 6 ibtidai məktəb, 1 İnteqrasiya təlimli internat tipli gimnaziya, 1 peşə liseyi, 16 məktəbəqədər təhsil müəssisəsi  fəaliyyət göstərdiyini qeyd etdi. Bildirildi ki, yeni dərs ilində 2012-ci ildə doğulmuş 1052 nəfər uşaqdan 692 nəfəri (66%) məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulmuşdur. 2017-2018-ci dərs ilində isə şəhər 1 saylı tam orta məktəbində humanitar, texniki-riyaziyyat-iqtisadiyyat, şəhər 4 saylı tam orta məktəbində texniki, Bankə qəsəbə 1 saylı tam orta məktəbində riyaziyyat-iqtisadiyyat-humanitar, Aşağı Surra kənd tam orta məktəbində riyaziyyat-iqtisadiyyat-hümanitar və Qədimkənd kənd tam orta məktəbində texniki istiqamətli təmayül siniflərin açılması planlaşdırıldığı da qeyd edildi. 

    Konfransda bildirildi ki, dövlət tərəfindən təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki,  2016-2017-ci tədris ilində Neftçala rayonu üzrə ümumtəhsil müəssisələrinin 640 məzunundan 315 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 231 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanlardan 49  nəfəri  500-700 bal arasında, o cümlədən 16 nəfəri isə 600 - dən yuxarı bal toplamışdır.  Məzunlara görə qəbulolma faizi 36, abuturiyentlərə görə qəbulolma faizi 73, ümumi qəbulolma faizi 55 % olmuşdur. Rayon üzrə ən yüksək-691 bal toplamış Yuxarı Qaramanlı kənd tam orta məktəbin məzunu Abızadə Ülvi Namus oğlu BDU-nun hüquq fakültəsinə qəbul olmuşdur.

    Təhsil Nazirliyinin nümayəndəsi Almaz xanım Əsgərova, 13 saylı Ərazi Maliyyə Hesablaşma  Mərkəzinin rəisi   Fəraid  Qəhrəmanov  çıxış edərək ölkə təhsilinin yüksək xətlə inkişafından və son illər Neftçala rayonunun təhsildə əldə etdikləri uğurlardan ətraflı danışaraq, rayonun təhsil işçilərinə yeni dərs ilində uğurlar arzuladılar.

    Rayon İcra Hakimiyyətinin Başçısı  İsmayıl Vəliyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində rayonun Tatarməhlə, Yenikənd kəndlərində  modul tipli 56 yerlik məktəblərin tikintisi tamamlanmış,  hal-hazırda Mikayıllı, Sübh kəndlərində modul tipli məktəblərin tikilməsi davam etdirilir. Eyni zamanda Şorkənd kənd ümumi  orta məktəbi üçün ASKİL qeyri-hökümət təşkilatı tərəfindən 7 əlavə sinif otağı tikilir.

    Sonda  pedaqoji sahədə səmərəli fəaliyyətini və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlar nəzərə alınaraq  bir qrup müəllim Neftçala rayon İcra Hakimiyyət və Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif edildi.

 

 

 


Açar sözlər: ,  ,