16.11.2017

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti səfər

Noyabr ayının 16-da- məktəblilərin payız tətili günlərində istirahətlərinin mənalı təşkili, onların respublikamızın ayrı-ayrı bölgələrinin tarixinin, coğrafiyasının daha da yaxından öyrənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq“ layihəsi çərivəsində rayonun 25 məktəbindən 40 nəfər IX-XI sinif şagirdi Gəncə-Şəmkir-Göygöl istiqamətində səfərə çıxdılar. Səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında baş verən yolasalma mərasimində rayon rəhbərləri, təhsil işçiləri, valideynlər iştirak etdilər.

Qeyd edək ki, tur–aksiya iştirakçıları səfərə yola düşməzdən bir gün əvvəl ağac əkini kampaniyasında iştirak etdilər. Ümummilli lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə gülqoyma mərasimindən sonra layihə iştirakçıları ilə Heydər Əliyev Mərkəzində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, Neftçala RTŞ-nin müdiri Əjdər Kərimov, başçının müavini Gültəkin Sadıqovanın iştirakı ilə görüş tədbiri keçirildi.

Məktəblilər 4 müəllim və 1 həkimin müşayiəti ilə ətraf rayonlardan olan və eyni marşurt üzrə hərəkət edəcək tur-aksiya iştirakçıları ilə Salyan şəhərində görüşərək, oradan ölkəmizin füsunkar təbiətli rayonlarından olan Gəncə, Şəmkir və Göygöl rayonlarına yollanacaqlar. 3 gün davam edəcək tur-aksiya məktəblilərin tətil günləri ərzində dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.


Açar sözlər: ,