28.11.2017

Şagirdlərimizin uğuru

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə artıq ikinci ildir ki, reallaşdırılan “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində noyabrın 25-də Aran rayonları üzrə Sabirabadda regional turnir keçirildi. Yekunda "Vətəni tanı” üzrə  Neftçala rayonunun komandası II yerə, “Nə? Harada? Nə zaman?” oyunları üzrə isə komandamız III yerə layiq görüldü.

Qeyd edək ki,“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” mövzularında təşkil olunan yarışlarda Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Kürdəmir rayonlarının hər birindən 18 nəfər gəncdən ibarət komanda  olmaqla, ümumilikdə, 162 gənc iştirak etdi.

Xatırladaq ki, Sabirabad Gənclər Mərkəzində keçirilən birincilik Dövlət himninin səsləndirilməsi ilə başladı. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək bildirdi ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. 

Sonra yarışlara start verildi.

Sonda yarış iştirakçılarına sertifikatlar təqdim olundu.

Qalib komandalar “Azərbaycanın İntellektual Birincisi” layihəsinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan və Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazandılar.