04.12.2017

DİM-in yeni qəbul qaydaları ilə əlaqədar seminar keçirilib

30 noyabr 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzi (DİM) Neftçala rayonu Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı seminarlar keçirdi.

Seminarlarda Neftçala, Şirvan, Hacıqabul, Salyan, İmişli, Saatlı və Sabirabad rayonlarının təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etdilər.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydalarına dair təqdimatla çıxış etdi və bu sahədə aparılan işlər haqqında ətraflı məlumat verdi.

Seminar iştirakçılarını maraqlandıran suallar Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən cavablandırıldı.

Daha sonra müzakirələr Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis və fransız dilləri) fənləri üzrə davam etdirildi.

DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının modelləri haqqında, BDU-nun nəzdində Türk liseyinin müəllimi Saməddin İbrahimov isə Azərbaycan dili fənni üzrə 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı barədə məlumat verdi, imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim etdi.

Riyaziyyat fənni üzrə seminarda DİM-in sektor müdiri Aydın Qasımov 9 illik təhsil bazasında buraxılış imtahanı proqramı haqqında danışıb. BDU nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Aqşin Abdullayev isə fənn üzrə imtahan nəticələrinin statistik göstəriciləri əsasında test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarını təqdim etdi.

İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi (DİM-in ingilis dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Şəhla Musayeva və fransız dili fənni üzrə ADU-nun professoru (DİM-in fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri) Çəmən Babaxanova buraxılış imtahanlarında istifadəsi nəzərdə tutulmuş tapşırıq modelləri haqqında çıxışlar etdilər.

Təqdimatlar ətrafında müzakirələr aparıldı. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırıldı.