23.01.2018

Şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırıldı.

           Yanvarın 20-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan ordusunun əsgəri, 1995-ci ildə anadan olmuş İbrahim Möhsün oğlu Mənəfov anadan olduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki “Seyidlər” qəbristanlığında torpağa tapşırıldı. Şəhidin dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbiçi yoldaşları ilə birlikdə müəllim və şagirdlər də iştirak etdilər.Dəfn mərasimində çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu bildirdilər.

Qeyd etmək olar ki, Milli Aviasiya Akademiyasının məzunu olan, 23 yaşlı İbrahim Mənəfov hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsindən ötən ilin iyul ayında ali məktəbi bitirdikdən sonra çağırılmışdır.

Şəhid olmuş neftçalalı gənc İbrahim Manafov 2014-cü ilin avqust döyüşləri zamanı, hələ tələbə ikən yazıb: “Müharibə qaçılmazdır və hər bir Azərbaycan vətəndaşının da borcudur… Mən də bunu özümə Qarabağ müharibəsi barədə eşidəndən borc bilmişəm və borcumu mütləq qaytarmalıyam… Allah bizi şəhidliyə layiq bilsin, İnşallah!”.

Qeyd edək ki,  şəhidin məzunu olduğu N.Gəncəvi adına Neftçala şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri şəhidin məzarını ziyarət etdilər, gül-çiçək dəstələri qoyaraq ruhuna dualar oxudular.