16.03.2018

Neftçala məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz bölgəsinə yola salınıb

Mart ayının 15-də məktəblilərin  respublikamızın ayrı-ayrı bölgələrinin tarixinin, coğrafiyasının daha da yaxından öyrənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq“ layihəsi çərivəsində rayonun 25 məktəbindən 40 nəfər X-XI sinif şagirdi Quba, Qusar və Xaçmaz istiqamətində səfərə çıxıblar. Səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında baş verən yolasalma mərasimində rayon rəhbərləri, təhsil işçiləri, valideynlər iştirak ediblər.

Tur-aksiya iştirakçıları olan X-XI sinif şagirdləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər şəhərin Heydər Əliyev prospekti boyunca ağac və gül kolları əkiblər.

Qrupun rəhbəri, Rayon İcra Hakimiyyətinin əməkdaşı Elnur Bağırov bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, ölkəmizdə növbəti dəfə keçirilən maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçıları Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Tur-aksiyaya qoşulan şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Ləman Hüseynova, İlkanə İbrahimbəyli və başqaları layihənin təşkilindən razılıqlarını bildirərək, diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.

Qeyd edək ki,məktəblilər 4 müəllim və 1 həkimin müşayiəti ilə ətraf rayonlardan olan və eyni marşurt üzrə hərəkət edəcək tur-aksiya iştirakçıları ilə Salyan şəhərində görüşərək, oradan ölkəmizin füsunkar təbiətli rayonlarından olan Quba, Qusar və Xaçmaz rayonlarına yollanıblar. 3 gün davam edəcək tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.


Açar sözlər: ,  ,