03.04.2018

Aprel döyüşləri ilə əlaqədar anım tədbirləri  keçirilib

Neftçala rayonunun ümumtəhsil məktəblərində aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Bildiyimiz kimi Azərbaycan ordusunun qüdrətini əks etdirən aprel zəfərindən 2 il ötür. Aprel zəfərinin əldə edilməsində Neftçala rayonundan olan  şəhidlər- Milli Qəhrəman mayor Samid İmanov və gizir Elimdar Səfərovun da müstəsna xidmətləri olub.

 Neftçala şəhər 1 saylı tam orta məktəbdə məktəbin məzunu, 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “Milli Qəhrəman” adına layiq görülmüş mayor Samid İmanovun və rayonun digər şəhidi olan Elimdar Səfərovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Məktəbin foyesindəki hər iki qəhrəmanın döyüş yolunu əks etdirən fotogüşələr, Milli Qəhrəman Samid İmanovun kollektiv tərəfindən xüsusi zövqlə hazırlanmış iri posteri, məktəbin akt zalında nümayiş etdirilən aprel şəhidlərinə həsr edilmiş videoçarxlar tədbir iştirakçılarının vətənpərvərlik, milli ruhunu, vətənə, torpağa bağlılıq hissini daha da artırib. Məktəblilərin timsalında hərbi-vətənpərvərlik ruhunda hazırlanmış ədəbi-bədii kompozisiyalar tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Silsilə tədbirlər məktəbin ayrı-ayrı siniflərində də davam etdirilib.

Bir qrup vətənpərvər şagirdlərimiz Milli Qəhrəman Samid İmanovun məzarını ziyarət edərək şəhidin evində olublar.

Aprel döyüşləri ilə əlaqədar rayonun “Muğan” liseyində liseyin şagirdi Əskərzadə Şahnazın Tərtərin Qapanlı kəndində çəkildiyi filmin nümayişi və təqdimatı münasibətilə tədbir keçirilib. Tədbirdə liseyin müəllim heyəti,şagirdləri və qonaqlar iştirak ediblər.Filmin təqdimatından sonra Şahnaz Əskərzadə diplomla təltif edilib.

Bundan başqa aprel döyüşlərində iştirak edərək yaralanan, döyüşlərin canlı qəhrəmanı, Vətənimizin fəxri,liseyin məzunu Pərviz Məmmədli cəbhə və döyüş yoldaşlarından danışıb.

Neftçala rayonu Q. Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbində aprel döyüşləri ilə bağlı keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru açdıqdan sonra maraqlı slaydlar, şeir, ədəbi-kompozisiyalar təqdim edilib.

Aşağı Qaramanlı kənd ümumi orta məktəbin şagirdləri isə aprel döyüşlərində qəhrəmancasına  şəhid olan Elimdar Səfərovun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.


Açar sözlər: ,  ,