14.09.2018

Ənənəvi sentyabr konfransı

Neftçala rayonu Uşaq Gənclər İdman-Şahmat məktəbində dəyirmi masa ətrafında Neftçala rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başlayıb. 

Rayon Təhsil işçilərinin konfransında 80 nəfər nümayəndə, habelə 16 nəfər ali məktəblərə  tələbə qəbulunda 600-dən yuxarı bal toplamış, qızıl, gümüş medal alan məzunlar və müəssisə rəhbərləri  iştirak edib. Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov “2017-2018-ci dərs ilinin yekunları və cari dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edərək rayonda 50 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta (onlardan biri hümanitar təmayüllü liseydir), 16 ümumi orta, 6 ibtidai məktəb, 1 İnteqrasiya təlimli internat tipli gimnaziya, 1 peşə liseyi, 16 məktəbəqədər təhsil müəssisəsi  fəaliyyət göstərdiyini qeyd edib. Bildirildi ki, yeni dərs ilində 2013-ci ildə doğulmuş 1129 nəfər uşaqdan 799 nəfəri (70%) məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulub. 2018-2019–cu dərs ilində Neftçala şəhər 1 saylı tam orta məktəbində texniki-təbiət, humanitar, şəhər 4 saylı tam orta məktəbində texniki, Bankə qəsəbə 1 saylı tam orta məktəbində texniki-təbiət, Aşağı Surra kənd tam orta məktəbində texniki-riyaziyyat-iqtisadiyyat, Qədimkənd kənd tam orta məktəbində texniki, əlavə olaraq Xolqaraqaşlı kənd tam orta məktəbində riyaziyyat-iqtisadiyyat-humanitar təmayüllü sinif olmaqla, ümumilikdə 8 təmayül sinif 172 nəfər şagirdin cəlb edilməsi nəzərdə tutulub.

Konfransda bildirilib ki, dövlət tərəfindən təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, 2017-2018-ci tədris ilində Neftçala rayonu üzrə ümumtəhsil müəssisələrinin 623 məzunundan 290 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 219 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanlardan 57  nəfəri  500-700 bal arasında, o cümlədən 14 nəfəri isə 600 - dən yuxarı bal toplayıb.  Məzunlara görə qəbulolma faizi 35,15%, abuturiyentlərə görə qəbulolma faizi 75,52%, ümumi qəbulolma faizi 55,33% olub. Rayon üzrə ən yüksək-685 bal toplamış Qaçaqkənd kənd tam orta məktəbin məzunu Məmmədov Muxtar Namiq oğlu Xəzər Universitetinin  biznesin idarə olunması fakültəsinə qəbul olub.

Təhsil Nazirliyinin nümayəndəsi Bibixanım İbadova, 13 saylı Ərazi Maliyyə Hesablaşma  Mərkəzinin rəis müavini  Elmar Əhmədov çıxış edərək ölkə təhsilinin yüksək xətlə inkişafından və son illər Neftçala rayonunun təhsildə əldə etdikləri uğurlardan ətraflı danışaraq, rayonun təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb.

Rayon İcra Hakimiyyətinin Başçısı  İsmayıl Vəliyev çıxış edərək bildirib ki, 2017-ci ildə rayonun Tatarməhlə, Yenikənd kəndlərində  modul tipli 56 yerlik, Ərəbqardaşbəyli kənd tam orta və Mikayıllı kənd ümumi orta məktəbi üçün 96 yerlik, Sübh kənd ibtidai məktəb üçün 20 yerlik modul tipli məktəblər tikilib istifadəyə verilib. Bu il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 mart 2018-ci il tarixli Sərəncamına əsasən rayonun Xoltəzəkənd, Xolqaraqaşlı kənd ümumi orta məktəbləri üçün 80 yerlik, Mirzəqurbanlı, Qaraqaşlı Aşağı Surra, Qazaxbərəsi, Pirəbbə kənd ümumi orta məktəbləri üçün 56 yerlik modul tipli məktəb binalarının quraşdırılması nəzərdə tutulub. Hal-hazırda Pirəbbə kənd ümumi orta məktəbdə tamamlanma, Qaraqaşlı kənd ümumi orta məktəbdə tikinti quraşdırma işləri davam edir.

Sonda 600 baldan yuxarı bal toplayan, qızıl, gümüş medalla məktəb bitirən məzunlar və pedaqoji sahədə səmərəli fəaliyyətini,gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurları nəzərə alınaraq  bir qrup müəllim Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif edilib.