03.12.2018

Polis əməkdaşlarının şagirdlərlə görüşü keçirilib

Neftçala RPŞ-nin təşkilatçılığı ilə N.Gəncəvi adına şəhər 3 saylı tam orta məktəbdə “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri və doğurduğu fəsadlar”, “Erkən nikah və onun cəmiyyətdə doğurduğu problemlər” və “Dini ekstremizim və qeyri-ənənəvi dini cərəyanların yaratdığı problemlər” mövzularında görüş keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Yaşar İsmayılov narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edib. Qeyd edilib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar. Ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb.

Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikah hallarına daha çox ucqar rayonlarda, xüsusilə kəndlərdə rast gəlindiyi üçün bu cür tədbirlərin məhz yerlərdə təşkil olunmasının xüsusilə əhəmiyyəti olduğu qeyd edilib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,