17.01.2019

Modul tipli məktəb binalarının tikintisi davam edir

Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.

Neftçala rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə ötən il rayonun ayrı-ayrı kəndlərində modul tipli 5 məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Prezidentin sərəncamı ilə bu il rayonda modul tipli daha 7 məktəb binasının quraşdırılması nəzərdə tutulub.

Məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxbərəsi  kəndlərində quraşdırılır. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Binalar üçün kəndlərdə münasib yerlər ayrılıb və tikinti işləri aparılır. Artıq Pirəppə və Qaraqaşlı kəndlərində 56 şagird yerlik ümumi orta məktəb üçün quraşdırılan tikililərdə inşaat işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə məktəb binaları şagirdlərin istifadəsinə veriləcək. Qalan 5 binada isə tikinti-quraşdırma işləri davam etdirilir.


Açar sözlər: