23.01.2019

Voleybol üzrə rayon birinciliyinin final mərhələsi keçirilib

Yanvarın 22-də şəhər 1 saylı tam orta məktəbin idman zalında Neftçala rayon Gənclər və İdman İdarəsinin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.

Yarışda rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, rayon təhsil şöbəsinin metodisti Məhərrəm Quliyev və finalda yarışan məktəblərin şagirdləri iştirak ediblər.

Yarışın keçirilməsində məqsəd voleybol idman növü üzrə rayonun ən güclü məktəbin voleybol komandasını müəyyən etmək və respublika yarışlarında iştirak etmək üçün rayonumuzu təmsil edəcək voleybol komandasının komplektləşdirilməsi üçün perspektivli idmançıları aşkar etməkdir.

Yarış 3 zona üzrə keçirilib. Zona yarışlarında qalib olmuş 4 komanda – Şəhər 2 saylı,Həsənabad və Xıllı qəsəbə 1 saylı, Xəzərkənd kənd tam orta məktəblərin komandaları finalda yarışıblar. Xəzərkənd kənd tam orta məktəbin komandası 1-ci yerə, Xıllı qəsəbə 1 saylı tam orta məktəbin komandası 2-ci yerə, Həsənabad qəsəbə tam orta məktəbin komandası 3-cü yerə layiq görülüb. Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən diplomlarla təltif edilib.