28.03.2019

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib

Neftçala Rayon Təhsil Şöbəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsinin məqsədi müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirməkdir.

Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqənin rayon mərhələsində IX-XI sinif şagirdləri iştirak edib. Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbin XI sinif şagirdi Quliyeva Zeynəb Baləmməd qızı müsabiqənin rayon mərhələsinin qalibi olub və respublika mərhələsində iştirak hüququ qazanıb.

Müsabiqənin respublika mərhələsində iştirakçıların çıxışı maksimum on balla qiymətləndiriləcək. Qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürülən fikirləri faktlarla əsaslandırması, Ümummilli Liderin vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyənləşdirilmiş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılacaq.


Açar sözlər: ,  ,