04.04.2019

Aprel zəfərinə həsr edilmiş tədbirlər keçirilib

Rayonun bütün ümumitəhsil müəssisələrində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

Məktəblərdə 2016-cı ildə baş vermiş hadisələrə həsr olunan “Aprel döyüşləri şanlı tariximizdir”,  “Xalqımızın qürur günü”, “Azərbaycan Milli Ordusunun hərb tarixinin şanlı səhifəsi” və digər mövzularda mühazirə, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda inşa müsabiqələri təşkil edilib.

Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində guşələr hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər də keçirilib.

Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə şagirdlərə geniş məlumat verilib.

Qeyd olunub ki, dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirib. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib.

Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.

Şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.


Açar sözlər: ,  ,  ,