12.04.2019

“Heydərbabaya salam” poemasının müzakirəsi keçirilib

Şəhər 1 saylı tam orta məktəbdə "Ümumdünya oxu və Müəlliflik hüququ Günü" ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlahət Cəfərova Şəhriyarın "Heydərbabaya salam" poemasının müzakirəsini təşkil edib.

Məlahət Cəfərova Şəhriyarın yaradıcılığının tədqiqinin və təbliğinin əhəmiyyətindən danışıb, onun nəinki XX əsr Azərbaycan və Yaxın Şərq poeziyasının, bütövlükdə, dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu vurğulayıb.

Ardınca çıxış edən şagirdlər qeyd ediblər ki, “Heydərbabaya salam” poemasında şair kənd həyatını, onun füsunkar təbiətini, sadə, əməksevər insanlarını, xalqın milli adət və ənənələrini, yaşam tərzini, məişətini yüksək poetik dillə əks etdirib. XX əsrdə Azərbaycan ədəbiyyatı mövzu və ideyaca yeni mərhələyə qədəm qoyduğundan şair və yazıçıların yaradıcılığında milli yaddaşa, mənəvi dəyərlərə geniş yer verilirdi. Milli və mənəvi dəyərlərin poetik dillə tərənnümü və müqəddəs ənənələrimizi özündə ehtiva edən “Heydərbabaya salam” əsəri Şəhriyarı nəinki Azərbaycanda, eyni zamanda dünyada tanıdıb.

Müzakirənin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,