14.05.2019

“Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilir

Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirir.

Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək və sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsilə ifadə etmələrini təmin etməkdir. Eyni zamanda layihə məktəblilərin təhlükəsiz qida haqqında dünyagörüşlərini, istək və arzularını öyrənmək üçün geniş imkanlar yaradacaq.

Müsabiqədə  S.İmanov adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri də öz rəsm əsərləri ilə iştirak edirlər.

Qeyd edək ki, rəsmlər A4 və A3 formatında olmalıdır, sağ alt hissədə rəsmi çəkən məktəblinin adı, soyadı, sinif və məktəbi haqqında məlumatlar əksini tapmalıdır. Müsabiqədə iştirak etmək istəyən məktəblilər mayın 25-dək rəsm əsərlərini agentliyə təqdim edə bilərlər.

Təqdim olunan və münsiflər heyəti tərəfindən seçilən rəsm əsərləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü nümayiş etdiriləcək. Müsabiqənin qalib və iştirakçılarına müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatlar veriləcək.