22.05.2019

"Azərbaycan elminin cəfakeşi" adlı dəyirmi masa keçirilib

Rayonun humanitar təmayüllü “Muğan liseyi”ndə görkəmli filoloq, akademik, şərqşünas alim Həmid Araslının anadan olmasının 110 illik yubileyi münasibətilə "Azərbaycan elminin cəfakeşi" adlı dəyirmi masa keçirilib.

Liseyin kitabxanaçısı Kəmalə Nağıyevanın təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan dili və ədəbiyyat müəllimi, VI -IX sinif şagirdləri iştirak ediblər.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gövhər Mahmudzadə çıxışında qeyd edib ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlayıb, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf edib, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlayıb. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.

Dəyirmi masa şagirdlərin çıxışları ilə yekunlaşıb.


Açar sözlər: ,  ,  ,  ,