30.05.2019

3 Neftçala məktəblisi olimpiada qalibidir

2018-2019-cu tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 3 nəfər rayon məktəblisi qalib olub. Belə ki, rayonun ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 1 nəfər qızıl, 1 nəfər gümüş, 1 nəfər bürünc medal qazanıb. Rayonun R.Gözəlov adına  Xıllı qəsəbə 1 saylı tam orta məktəbin IX sinif şagirdi Sadıqov Xəyal Bəxtiyar oğlu fizika fənni üzrə 38.5 balla qızıl medal, II Qaralı kənd tam orta məktəbin XI sinif şagirdi Fərəcova Səkinə Vüqar qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə 41.5 balla gümüş və E.Həbibov adına şəhər 4 saylı tam orta məktəbin IX sinif şagirdi Abdulrəhmanlı Sadiq Müşfiq oğlu fizika fənni ürzə 29.5 balla bürünc medal qazanıblar.

Qeyd edək ki, mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.  

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.

Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında təşkil ediləcək.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,