02.07.2019

Rayonun ümumtəhsil məktəblərinin 4 nəfər şagirdi V Respublika fənn müsabiqələrinin qalibləri sırasında

Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin  final mərhələsinin nəticələri məlum olub. Belə ki, rayon üzrə 2 nəfər III yer və 2 nəfər isə həvəsləndirici sertifikata layiq görülüb. Onlardan E.Həbibov adına 4 saylı tam orta məktəbin VII sinif şagirdləri Əzizli Fidan Soltan qızı kimya fənni  və Sadıqova Solmaz Elşən qızı fizika fənni üzrə III yer, R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin VII sinif şagirdi Səfərli Elton Seyran oğlu fizika fənni üzrə və humanitar təmayüllü Muğan” liseyinin VII sinif şagirdi Hüseynli Hüseyn Elnur oğlu biologiya fənni üzrə həvəsləndirici sertifikat qazanıblar.

Müsabiqələrin mükafatlandırma mərasimi növbəti tədris ilinin əvvəlində keçiriləcək. 

Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. 

Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Xatırladaq ki, məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Açar sözlər: ,