28.10.2019

Professor Əjdər Ağayevin yaradıcılıq gecəsi keçirilib

Oktyabrın 26-sı Neftçala rayonunda  professor Əjdər Ağayevin yaradıcılıq gecəsi keçirilib. Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə professorun ailə üzvləri, Təhsil Şurasının üzvləri və rayon ziyalıları iştirak edib. Tədbiri giriş sözü ilə açan Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov mərhum professor haqqında öz fikirlərini və xatirələrini söylədikdən sonra tədbirin aparıcılığını Xolqaraqaşlı kənd tam orta məktəbin direktoru, Təhsil Şurasının üzvü Ruhəngiz Nəcəfovaya verib.

Gecənin bədii hissəsində tədbirə ev sahibliyi edən məktəbin, Neftçala şəhər Uşaq İncəsənət məktəbinin və Xolqaraqaşlı kənd tam orta məktəbin şagirdlərinin hazırladığı müxtəlif kompozisiyalar nümayiş olunub, mahnı və şeirlər səsləndirilib. Tədbirdə fəal iştirak edən şagirdlər Təhsil Şurasının sədri Hikmət Əlizadə tərəfindən mükafatlandırılıb. 

Tədbirin ikinci hissəsini Təhsil Şurasının sədri Hikmət Əlizadə aparıb, Əjdər Ağayev haqqında öz xatirələrini danışdıqdan sonra çıxış etmək üçün mərhum professorun yaxınlarına söz verilib. İlk öncə akademik Fərrux Rüstəmov çıxış etmiş, daha sonra Təhsil Şurasının üzvləri, Əjdər Ağayevin şagirdi olmuş Cahangir Abdullayev çıxış ediblər. Tədbirin sonunda Təhsil Şurasının rəhbərliyi tərəfindən təşkilatçılara fəxri fərmanlar təqdim olunub və professorun qızı Ülviyyə İbrahimova tədbirin hazırlanmasında əməyi keçən hər kəsə və iştirakçılara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da  Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb.

Əjdər Ağayev 27 noyabr 2018-ci ildə, 81 yaşında vəfat edib.


Açar sözlər: ,