18.11.2020

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları

 

Sual: Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılmasında məqsəd nədir?

Cavab: Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməkdir.

 Sual: Elektron yerdəyişmə üçün hansı sənədlər tələb olunur?

Cavab: Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi təhsil müəssisələrinin informasiya sistemində şagirdə məxsus unikal kod)  kodu tələb olunur.

Sual: Şagirdin UTİS kodunu necə əldə etmək olar?

Cavab: Valideyn (qanuni nümayəndə) şagirdin təhsil aldığı məktəbə müraciət etməklə UTİS kodunu ala bilər.

Sual: Şagirdlərin elektron yerdəyişmə prosesi hansı mərhələlərdən ibarətdir?

Cavab:

 1. Qeydiyyat

 2. Valideyn tərəfindən övladının yerdəyişməsi üçün seçdiyi məktəbə elektron sorğu yerləşdirmək

 3. Yerdəyişmə üçün sorğu verilən məktəb tərəfindən sorğunun təsdiqi

 4. Şagirdin çıxdığı məktəb tərəfindən sənədlərin verilməsi

 5. Şagirdin getdiyi məktəb tərəfindən sənədlərin qəbulu

 

Sual: Qeydiyyat mərhələsi necə həyata keçirilir?

Cavab: Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayən­də), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.

Sual: Valideyn tərəfindən övladının yerdəyişməsi üçün seçdiyi məktəbə elektron sorğu yerləşdirmək mərhələsi necə həyata keçirilir?

Cavab: Qeydiyyat mərhələsi tamamlandıqdan sonra valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir.

Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir.

Sual: Yerdəyişmə üçün sorğu verilən məktəb tərəfindən sorğunun təsdiqi mərhələsi necə həyata keçirilir?

Cavab:  Tədris dili, xadici dil, təmayül istiqamətləri uyğun gəldiyi halda 5 iş günündən gec olmayaraq məktəb direktoru tərəfindən şagirdin məktəbə qəbul olunmasına razılıq veriməsi barədə sorğuya təsdiq vurulur

Sual:  Şagirdin çıxdığı məktəb tərəfindən sənədlərin verilməsi mərhələsi necə həyata keçirilir?

Cavab: Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayən­də) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilmiş müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayən­dənin) şəxsi kabinetinə məlumat göndərilir. 

Sual: Yerdəyişmə sorğusuna hansı halda imtina verilə bilər?

Cavab: Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda  sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər.

Sual: Keçirilən xarici dillər uyğun olmadığı halda şagirdin yerdəyişməsinə hansı halda razılıq verilə bilər?

Cavab: Şagird ailəsi ilə birlikdə yaşayış yerini dəyişdikdə, yaxın ərazidə keçirilən xarici dillərin uyğun olduğu digər məktəb olmadıqda tədris olunan xarici dilin dəyişməsinə razı olması barədə valideyn yerli təhsili idarəetmə orqanına ərizə ilə müraciət etməlidir. Təhsil idarəetmə orqanında məsələyə baxılaraq uyğun olduğu halda şagirdin yerdəyişməsinə razılıq verilə bilər. (Qeyd olunan məsələ əsasən kənd ərazilərində fəaliyyət göstərən məktəblərə yerdəyişmə üçün şamil oluna bilər)

Sual: Sistem nə vaxtadək aktiv olacaq?

Cavab: Şagirdlərin elektron yerdəyişməsi sistemi xüsusi hallar olmadıqda komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.

Sual: Şagirdin oxuduğu məktəbdə sinfinin dəyişdirilməsi hansı qaydada aparılır?

Cavab: Şagirdin oxuduğu məktəbdə digər sinfə keçməsi www.sy.edu.az portal vasitəsilə aparılır.

Sual:Valideyn (qanuni nümayəndə) övladının yerdəyişməsi üçün seçdiyi məktəbin müvafiq sinfində yer olmadıqda nə etməlidir?

Cavab: Valideyn (qanuni nümayəndə) övladının yerdəyişməsi üçün seçdiyi məktəbin müvafiq sinfində yer olmadıqda proqram təinatı vasitəsilə növbəyə yazıla bilər.

Sual: X-XI siniflərdə yerdəyişmə necə icra olunacaq?

Cavab: X-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinə I-IX sinif şagirdlərinin bir məktəb­dən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.

Sual: IX sinfi bitirərək məzun kimi kontingentdən çıxarılan və ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbuluna icazə verilirmi?

Cavab: Mövcud vəziyyət (pandemiya şəraiti) nəzərə alınaraq istisna hal kimi 01.12.2020-ci il tarixədək qeyd olunan statusda olan şagirdlərin X sinfə yerdəyişmələrinə icazə verilir.

Sual: Xarici ölkədən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq?

Cavab:  Xarici ölkələrdən gələn şagirdlərin Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) elektron qeydiyyatı əsasında sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil müəssisələrinin informasiya sisteminə” daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.

 

Sual: Xaricdən gələn uşaqlar üçün UTİS kodunun alınması üçün hansı sənədlər tələb olunur?

            Cavab: Xaricdən gələn uşaqlara gəldiyi ölkədə oxuduğu təhsil müəssisəsindən gətirdiyi şəxsi işi (X sinfə qəbul üçün müraciət etdikdə isə ümumi orta təhsil səviyyətini bitirməsinə dair təhsil sənədi) təqdim etdikdən sonra UTİS kodu verilə bilər.

            Sual: Xarici ölkədən gələn şagirdin şəxsi işi (müvafiq sənəd) olmadıqda və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda yerdəyişmə hansı qaydada aparılır?

            Cavab: . I– XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdə müraciət etdiyi məktəb tərəfindən UTİS kodu verilərir və müvafiq sinfə qəbulu şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə tamamlanır.

            Sual: Xarici ölkəyə gedən şagirdlərin yerdəyişməsi necə aparılır?

            Cavab: . Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (qanuni nümayəndə) ərizəsi əsasında verilir.

Sual: Lisey və gimnaziyalara, məktəb-liseylərin lisey siniflərinə yerdəyişmə hansı formada aparılır?

Cavab: . Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə  şagirdlərin yerdəyişməsi (qəbulu) yalnız tədris ilinin əvvəlində müəyyən olunmuş müddət ərzində müəssisənin daxili qəbul qaydalarına uyğun olaraq təşkil olunan imtahanların nəticəsinə uyğun olaraq aparılır. 2020/2021-ci tədris ili üçün lisey, gimnaziyalara və məktəb-liseylərin lisey siniflərinə qəbul başa çatmışdır.

Sual: İşğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəblərə (məcburi köçkün məktəbi) yerdəyişmə necə həyata keçirilir?

Cavab: Mövcud qanunvericilə əsasən məcburi köçkün məktəbinin yerləşdiyi ərazidən 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərdiyi halda həmin məktəbə yalnız məcburi köçkün ailələrindən olan şagirdlərin yerdəyişməsinə icazə verilir. Valideyn (qanuni nümayəndə) həmin məktəbə övladının yerdəyişməsi üçün sorğu yerləşdirərkən onun məcburi köçkün olması elektron sistem vasitəsilə yoxlanır.  Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.

Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə isə qeyd olunduğu kimi yalnız həmin məktəbdən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.

Sual: Koronovirus (Covid-19) pandemiyası ilə əlaqədar sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırıldığından həmin ərazilərdə  yerləşən məktəblərə şəxsi işlərin təqdim olunması və ya götürülməsi məsələləri necə tənzimlənə bilər?

Cavab: Hal-hazırda ölkə üzrə tədrisin distant (məsafədən) təşkil olunduğunu nəzərə alaraq valideynlərə bildirmək istəyirik ki, şagird istənilən ərazidə yaşadığı halda onlayn dərslərə qoşula və teledərsləri izləyə bilər. Qeyd olunan səbəblər nəzərə alınmaqla sərt karantin rejimi tətbiq olunan ərazilərdə yerləşən məktəblərə və məktəblərdən övladının yerdəyişməsini etmək istəyən valideynlərə mövcud rejim və müharibə şəraiti başa çatdıqdan sonra yerdəyişmənin aparılması xahiş olunur.

Sual: Vətəndaşlar texniki problemlə rastlaşdıqda və ya onlara texniki kömək lazım olduqda hara müraciət edə bilərlər?

            Cavab: Vətəndaşlara texniki kömək lazım olduqda və ya məsələ ilə bağlı sualları olduqda proqram təminatında əks əlaqə bölməsinə müraciətlərini yaza bilərlər.

Həmçinin şəhər (rayon) təhsil şöbələrində (idarə) yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.

 


Açar sözlər: