05.04.2021

Biz vətənimiz Azərbaycana bağlıyıq

1866-cı il Ümumrusiya siyahıyaalmasına görə Qarabağda 10 min nəfərin udin olaraq qeydə alınması barədə məlumat oxudum. Azərbaycan tarixşünaslığına görə Qarabağ ermənilərinin əksəriyyəti (Dizaq, Xaçın, Vərəndə, Çiləbörd və Gülüstan mahallarında) erməni qriqorian kilsəsinin təsiri ilə erməniləşmiş xristian albanlardır-udinlərdir (antik qaynaqlarda uti). Alban (udin) kilsəsi 1836-cı ildə ləğv edildikdən sonra xristian udinlər daha sürətlə erməniləşməyə məruz qalmışdılar. XIX əsr udin müəllifi Makar Barxudaryans yazır ki, rus hakimlərinin himayə etdiyi erməni kilsə xadimləri alban monastır və kilsələrinə hücum çəkib albanlara aid bütün əlyazmaları məhv etmiş, daha sonra "təmir"ə başlayıb bu kilsələrin arxitekturasına qriqorian kilsələrinə xas olan elementlər əlavə edərək erməniləşdirmişdilər. (erməni-qriqorian xaçları sadə formaya malikdir, , alban xaçlarında günəş və ay simvolları üstünlük təşkil edir). Dadivank adlandırdıqları Xudavəng və digər alban-udin dini abidələri də belə "oğurlanıb" . Udinlər bu gün Qəbələnin Nic kəndində yaşayırlar. Kənddə XVII əsrdə inşa olunmuş Müqəddəs Yelisey məbədi var. Alban-udin xristian icmasının rəhbəri Rafiq Danakaridir. Qarabağ udinlərindən fərqli olaraq Nic kəndində yaşayan udinlər dil, din və mədəniyyətlərini qorumaq üçün erməni kilsəsinə tabelikdən imtina etmiş, ibadətlərini kilsədə yox, evlərində icra etməyə davam etmişdilər. Hazırda hər bazar günü kilsədə udin dilində ibadət keçirilir.
Nic kəndində Udin milli-mədəni mərkəzi və XVIII əsrdə yerli rahib Qanqalov tərəfindən əsası qoyulmuş "Udin ocağı" adlanan tarix-etnoqrafiya muzeyi də fəaliyyət göstərir. 2017-ci ildə Azərbaycan rəssamı Şahvələd Məmmədov tərəfindən açılmış muzeyin eksponatları əsasən yerli əhalinin təhvil verdiyi məmulatlardan ibarətdir. 2009-cu ildə Azərbaycanda 3800 nəfər udin qeydə alınmışdır. Onlardan 74 nəfəri Oğuz şəhərində yaşayır. Gürcüstanın Zinobiani kəndində də udinlər yaşayır. 2010-cu ilin məlumatına görə Rusiyada yaşayan udinlərin sayı 4127 nəfər olmuşdur. Onların 1866 nəfəri Rostov vilayətinin Şaxtı şəhərində yaşayır. Udinlər həmçinin Ukrayna, Qazaxıstan, Belorusda, Ermənistanda da yaşayırlar. Onların hamısı müxtəlif dövrlərdə Azərbaycandan köçənlərdir. Bütün dünyada yaşayan udinlər öz dillərini və milli kimliklərini saxlasalar da, cəmi 30 il əvvəl Azərbaycandan Ermənistana köçmüş udinlər artıq assimilyasiya olunub (erməniləşib). Bütün dünyada udinlərin sayı 10 min nəfərdən çox deyil. Şaxtı şəhərindəki udin icmasının rəhbəri Oleq Danilov bir müsahibəsində qeyd edir ki. erməni diasporu bütün vasitələrlə udin icmasını erməni diasporunun tərkibinə daxil etmək istəsə də biz vətənimiz Azərbaycana bağlıyıq. Erməni alimləri udinlərin ləzgi mənşəli olması barədə "tədqiqatlar" yazırlar, udinlər isə ayrıca bir etnos olduqlarını sübut edirlər.

 

 

Firdovsi Tağıyev
Aşağı Surra tam orta məktəbinin tarix müəllimi


Açar sözlər: