12.04.2021

Azərbaycan bu günkü müstəqilliyinə görə Heydər Əliyev şəxsiyyətinə minnətdardır

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində ölkəmiz xammal mənbəyindən o dövr üçün ən müasir texnologiyaların geniş tətbiq olunduğu sənaye Respublikasına çevrilmişdi. Yeni sənaye müəssisələri, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları istifadəyə verilmiş, bu sahələrdə bacarıqla işləyə bilən güclü kadr potensialı hazırlanmışdı.

Bununla yanaşı Azərbaycanın elmi, mədəniyyəti, incəsənəti də yeni inkişaf səviyyəsinə qaldırılmış, Azərbaycanın tarixinin həqiqətləri, faktları dünyaya tanıdılmışdı. Bütün bu işləri görməklə Heydər Əliyev həm də xalqın öz gücünə, qüdrətinə inamını bərpa etmişdi. Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra iri dövlətlərin, nüfuzlu təşkilatların rəhbərləri və işgüzar dairələrlə rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə beynəlxalq diqqət və maraq güclənmişdi. Məqsədyönlü siyasət nəticəsində Azərbaycanın siyasi-iqtisadi əlaqələri genişlənmiş, 1994-cü ildə “Əsrin müqaviləsi” kimi əhəmiyyətli bir saziş bağlanmışdı.

Qısa bir zamanda, Ulu Öndərin müdrik siyasəti nətcəsində ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır.1995-ci il mart ayında Azərbaycanda baş verən hadisələri müstəqillik tariximizin ilk illəri üçün xarakterik olan hərbi-siyasi səbatsızlığın sonuncu təzahürü kimi qiymətləndirmək olar. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən, xaos, anarxiya tərafdarı olan, Azərbaycanın müstəqilliyini qısqanclıqla qarşılayan bir qrup qiyamçı qüvvə mart ayının 12-dən 13-nə keçən gecə Qazax və Ağstafa rayonlarında dövlət idarələrinə silahlı hücum təşkil etdilər. Qeyd edək ki, həmin vaxt Daxili İşlər Naziri tərəfindən qiyamın hərəkətverici qüvvəsi olan XTPD-nin (OMON) buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalamışdı. Əmrə görə, silahı yerə qoyaraq bu biyabırçı əməldən imtina edənlər bağışlanacaqdı. Lakin onlar tabe olmadıqları halda mart ayının 15-də Qazax və Ağstafadakı qiyam güc yolu ilə yatırıldı.

Mart ayının 16-17-də isə Xüsusi Təyinatlı Polis Dəstəsi polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərdi. Onlar bu dəfə hakimiyyət orqanlarına tələblər irəli sürdülər. Vəziyyətin dövlətçilik üçün təhlükəli məqamında Heydər Əliyev qiyamçıları bağışlamaq imkanı yaradan xüsusi Fərman imzaladı. Lakin XTPD-nin komandiri Rövşən Cavadov və onun Xətai rayonunda prokuror vəzifəsində çalışan qardaşı Mahir Cavadov Prezident qarşısında müəyyən şərtlər irəli sürərək danışıqlardan imtina etdilər. Onlar hakimiyyət çevrilişi etməkdə israrlı olduqlarını bildirərək, ağsaqqalların, ziyalıların, hətta yaşlı atalarının da məsləhətlərinə qulaq asmadılar. 8-ci kilometr qəsəbəsində martın 16-dan 17-nə keçən gecə başlayan atışma özündə vətəndaş müharibəsi elementlərini ehtiva edən xüsusiyyətlər daşısa da hüquqi baxımdan konstutision hakimiyyət orqanlarının devrilməsinə yönəlmiş qiyamın yatırılması ilə nəticələndi.

Halbuki düşməncəsinə üz-üzə duran tərəflər dünən Qarabağ cəbhəsində ermənilərə qarşı igidliklə döyüşmüş bir ananın-Azərbaycanın övladları idilər. Bu həm də tariximizdə qardaş qanı tökülməsi ilə nəticələnmiş ibrət dərslərindən biridir. Bu hadisələr zamanı ümumilikdə 38 nəfər həlak olmuş, 105 nəfər yaralanmışdı. Qiyama rəhbərlik edən Rövşən Cavadov isə aldığı güllə yarasından Hospitalda vəfat etmişdi. Müstəqil Azərbayanın tarixinə qara hərflərlə yazılmış mart hadisələrinin qarşısı Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qətiyyətlə alındı. Həmin hadisələr, bir daha göstərdi ki, davamlı inkişaf və siyasi sabitlik tərəfdarı olan Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Dövlətin başında dayanan şəxsin uzaqgörənliyi, sonda Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını şərtləndirdi.

1995-ci ilin mart hadisələrindən keçən müddət ərzində Azərbaycan müstəqil dövlət kimi nəhəng enerji-kommunikasiya layihələri həyata keçirib, daxili və xarici siyasətdə böyük uğurlara nail olub. Artıq Azərbaycan etibarlı tərəfdaş olaraq dünyada tranzit ölkə kimi tanınır. Əksər dövlətlər Azərbaycan kimi qüdrətli, sabit, inteqrasiyaya maraqlı dövlətlə əlaqələri genişləndirməkdə, şaxələndirməkdə maraqlıdır. Bu gün Prezident İlham Əliyev Heydər Əliyevin siyasi və iqtisadi kursunun layiqli xələfi kimi sabitlik və davamlı inkişaf prinsiplərini uğurla davam etdirir. Böyük qələbə ilə Azərbaycanın ən şanlı tarixinə çevrilmiş 44 günlük Vətən savaşında erməni işğalçıları üzərində qazanılmış qələbə ölkəmizin və xalqımızın beynəlxalq imicini daha da möhkəmləndirmiş, ona rəğbəti və dəstəyi artırmışdır. Yaşasın Müstəqil Azərbaycan!

 

Rəhimov Həbulla

Aşağı Surra kənd tam orta məktəbin direktoru