12.04.2021

Düşmənin işğalçılıq siyasətinin nəticələri

Daim ölkəmizə qarşı məkrli siyasət yürüdən, fürsət əldə edərək 20 faiz torpaqlarımızı işğal edən, xalqımıza qarşı zaman-zaman etnik təmizləmə işləri həyata keçirən düşmənin işğalçı siyasətinin ağrılı nəticələri çox olmuşdur. 30 ilə yaxın müddət ərzində düşmən dövlət Azərbaycanın beynəlxaq birlik tərəfindən tanınan ərazilərini beynəlxalq hüququ saymayaraq işğal altında saxladı. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin işğal altında olması təkcə Ermənistan-Azərbaycan arasında deyil, eyni zamanda, bütün regional əməkdaşlığın qarşısını sədd kimi kəsirdi. İşğalçı ermənilərin uzun müddət niyyətlərindən əl çəkməməsi 30 ilə yaxın bir müddətdə regionun iqtisadi inkişafını xeyli ləngitmişdir. Düşmən dövlətin başında durmuş bütün kriminal, terrorçu rəhbərlər dəfələrlə dünya birliyinin- müxtəlif təşkilatların işğalçılıq niyyətini sonlandırmağa edilən çağırışını qulaq ardına vurmuş, saymazyana şəkildə öz işğalçılıq prinsiplərini müxtəlif üsullarla qorumağa çalışmışdır. İşğalçılıq əqidəsinə sona qədər dırnaqarası sadiq olan Ermənistan işğal olunmuş ərazilərdə törətdiyi terrorçuluqla özünün barbar siyasətini, demək olar ki, hər gün təkrarlayırdı. Rəsmi İrəvanın 30 ilə yaxın müddətdə yürütdüyü siyasət Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində sülh vasitəsilə təmin olunmasını mümkünsüz edirdi. Xülyalara qapılıb ölkəmizin əraziləri hesabına öz ərazilərini genişləndirmək arzusunda olan düşmənin bu mifoloji istəyi 2020-ci il 27 sentyabr tarixinə qədər inadla davam etdi. 27 sentyabrda başlayan və 10 noyabr tarixində bitən, 44 gün davam edən Vətən müharibəsi düşmənin bu arzusunu gözlərində qoydu.. Onlar təsəvvürlərinə gətirə bilmədikləri bir həqiqətlə üzləşdilər: Azərbaycan həqiqəti, Azərbaycan gerçəkliyi. Azərbaycan həqiqəti ondan ibarət idi ki, bu savaşda öz haqlarını müdafiəyə qalxan Ölkəmiz 30 ilə yaxın müddətdə əsası Ümummilli Lider tərəfindən qoyulan, bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən bir siyasi kursun uğurlu siyasəti nəticəsində xeyli güclənmişdi. Bəli, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun şücaəti, xalqımızın dəyanəti zəfərimizi təmin etdi. Ermənistanın biabırçı şəkildə məğlubiyyəti 10 Noyabr tarixində Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli Bəyanatla yekunlaşdı. Bu bəyanatda öz əksini tapan məsələlər Rəsmi İrəvanın təkcə hərbdə deyil, siyasi danışıqlarda da biabırçı şəkildə uduzduğunun əyani göstəricisidir. Üçtərəfli Bəyanatda əksini tapan məsələlərdən biri Zəngəzur dəhlizi məsələsidir ki, bu da Azərbaycanın tarixi nailiyyətidir. Bu dəhliz geosiyasi maraqların qorunmasına, geostrateji hədəflərin gerçəkləşdirilməsinə xüsusi təkan verəcəkdir. Əminik ki, 30 il ərzində Ermənistanın işğalçılıq niyyətinin qurbanı olmuş, bu barbar siyasət nəticəsində axsaq olan regional əməkdaşlıq özünün yüksək səviyyəsinə qədəm qoyacaqdır. Təbii ki, bu istiqamətdə işini daim qonşularla dostluq və səmimiyyət üzərində quran Azərbaycan ən böyük missiyanı yerinə yetirəcək. Bu gün artıq Ermənistanın 30 illik işğalçı, vandal, terroru dəstəkləyən rəhbərlərindən cana doymuş erməni milləti aldadıldıqlarını, bu müddət ərzində bütün regional layihələrdən kənarda qalmaqla tənəzzülə uğradıqlarını anlayır. Etiraf edirlər ki, rəhbərlərinin yürütdükləri işğalçılıq siyasəti həm regionun, həm də özlərinin inkişafına ciddi şəkildə zərbə vurub. Bunun üçün isə rəsmi İrəvan işğalçılıq siyasətindən əl çəkməlidir. Belə olarsa, bu gün beynəlxalq aləmdə xüsusi nüfuz sahibi olan qüdrətli Azərbaycanı qardaş Türkiyəyə birləşdirəcək olan Zəngəzur dəhlizinin imkanlarından yalnız və yalnız barış və əməkdaşlıq şəraitində yararlana bilər. Əks təqdirdə Ermənistan əvvəlki kimi iqtisadi cəhətdən blokada şəraitində yaşamağa məhkum olunacaq, milləti isə öz səfil həyatını davam etdirəcəkdir.

Aqşin Hüseynli

Müəllim