17.05.2021

Şuşa- “arzuların şəhəri”!

44 günlük Vətən müharibəsini süjet xətti üzrə incələsək, açıq-aydın görərik ki, 8 noyabr tarixi- Şuşanın işğaldan azad olunması müharibənin finalını, düşmənin məğlubiyyətinin ekspozisiyasını tam təmin etdi. Şuşanın mənfur ermənilərdən azad olunması ilə düşmənin kapitulyasiya aktına imza atması, həm ordumuzun mənəvi gücünün, həm də Ölkə rəhbərinin siyasi qələbəsinin əyani təzahürü idi. 8 noyabr, Ölkə Prezidentinin xalqımıza Şuşanın azad olunması müjdəsini verən zaman söylədiyi fikirlər hər bir azərbaycanlının qürurla dinlədiyi ən xoş sözlər idi: “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Ölkə rəhbərinin qeyd etdiyi kimi, o gün hər bir azərbaycanlının ən xoşbəxt günü idi. O gün Şuşalılar, nəhayət ki, 28 il didərgin düşdükləri doğma ocaqlarına qayıda biləcəkdilər və doğma ocağın istisinə isinib ölkə rəhbərliyinin göstərişlərinə əməl etməklə Şuşanın dirçəldilməsinə öz töhfələrini verə biləcəkdilər. Hər bir şuşalı, azərbaycanlı Şuşanın dirçəldilməsi üçün cənab Prezidentimizin həyata keçirdiyi tədbirləri ürəkdən alqışlayır. Cənab Prezidentin bu ilin əvvəlində “Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm”- deməsi ilə Şuşada quruculuq işləri daha sürətlə həyata keçirilməyə başladı. Şuşada “Xarıbülbül” festivalının keçirilməsi ilə dünyanın diqqəti Qarabağa-Şuşaya yönəldi. Bütün dünya gördü ki, qısa zaman kəsiyində Azərbaycan rəhbərliyi həm öz ölkəsi, həm də dünya ictimaiyyəti qarşısında üzərinə düşən öhdəliyi tam mənada yerinə yetirir. Xarıbülbül festivalı Azərbaycanın zəfərinin sülhə töhfə olduğunu bir daha sübut etdi. Festivalın proqramına Azərbaycanda yaşayan müxtəlif xalqların yaratmış olduğu musiqi nömrələrinin daxil edilməsi bir daha sübut etdi ki, Azərbaycan multikultural dəyərlərə malik olan ölkə, tolerantlıq nümunəsi olan sivil toplumun yaşadığı cəmiyyətdir. Şuşanın mədəniyyətimizin mərkəzi elan edilməsi təkcə bu işlərlə yekunlaşmır, eyni zamanda, bir sıra abadlıq, quruculuq işləri davam etdirilir. Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir. Qarış-qarış vətən torpağının inkişafını arzulayan Ölkə rəhbərimizin göstərişi ilə bundan sonra Şuşa şəhərinin rəsm qalereyası bərpa edilərək yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək. Şuşa xalça muzeyi bərpa edilir. Şuşada beş, dörd, üç ulduzlu kiçik otellərin yaradılmasının nəzərdə tutulması, keçmiş sanatoriyanın yenidən qurularaq Park Otel kimi istifadəyə verilməsinin nəzərdə tutulması, erməni təcavüzkarlarının dağıdıcı siyasəti nəticəsində uçub-dağılmış məbədlərin bərpa edilməsi şəhərə Azərbaycan ruhunun sözün əsl mənasında qayıdışı olacaqdır. Şuşa yaxın gələcəkdə nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Əminik ki, ölkəmizin bacarıqlı, uzaqgörən, müdrik Prezidentinin rəhbərliyi nəticəsində Şuşa arzuların şəhərinə çevriləcəkdir.

Elnur Abdiyev

Neftçala rayon sakini, müəllim


Açar sözlər: