31.05.2021

Gələcək naminə Ermənistan başa düşməlidir ki, inkişaf üçün yeganə yol yalnız əməkdaşlıqdan keçir

Vətən Müharibəsindən sonrakı dövrdə regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər baş vermişdir. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Şübhəsiz ki, regionun inteqrasiyası ölkələrin inkişafına xidmət edəcəkdir. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır. Regional əməkdaşlığın qurulması üçün iqtisadi layihələr mühüm əhəmiyyət kəsb edir. Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa şərait yaradıb, sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli region ölkələrinin birgə səyləri sayəsində qoyulub. Vətən Müharibəsində əldə olunmuş qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla yanaşı, regionda və dünyada yeni əməkdaşlıq imkanları yaratdı. Şübhəsiz ki, yaranmış olan yeni reallıq beynəlxalq siyasi münasibətlər zəminində yeni əlaqələrin yaranmasını şərtləndirir. Azərbaycan dövləti cənab Prezident İlham ƏIiyevin rəhbərliyi altında bu istiqamətdə addımlar atıb və bunu həm Ermənistana, həm də beynəlxalq təşkilatlara, xarici ölkələrə bildirib. Bu istiqamətdə Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Ancaq ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra onlarla adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə indiyə qədər minaların xəritəsini Azərbaycana verməkdən imtina edir. Ermənistan bölgədəki ölkələrlə sıx əməkdaşlıq etmək istəyirsə, artıq əməli və ciddi addımlar atmalıdır. Bu gün Ermənistanın daxili siyasətinə, oradakı mövcud vəziyyətə nəzər yetirəndə görürük ki, Ermənistan tərəfinin hələ də revanşist hisslərlə yaşayan qüvvələri qalmaqdadır. Onlar hələ də revanşist düşüncə, revanşist ritorika ilə çıxışlar edirlər. Həm hazırlanan əməkdaşlıq platformaları çərçivəsində, həm də 10 Noyabrda imzalanan üçtərəfli bəyanatda yeni dəhlizlərin, digər əlaqələrin qurulması əks olunub və Ermənistan buna hazır olmalıdır. Ermənistan mahiyyətcə terror ölkəsindən sivil dövlətə çevrilmək, digər bölgə ölkələri kimi inkişaf etmək istəyirsə, soyuqqanlılıqla, sağlam düşüncə ilə qərar verməlidir. Onun bu istəkləri Azərbaycandan, Azərbaycanla sülh müqaviləsi imzalamasından keçir. Əməkdaşlıq etmək istəyirsə, o zaman Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu baxımdan Azərbaycan öz üzərində düşən işi görüb, lazım olan addımları atıb, indi isə növbə Ermənistandadır. Cənab Prezident bütün dünyaya bəyan edərək bildirir ki, Azərbaycan əməkdaşlığa hazırdır. “30 il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və bunu dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük. Regionun xalqları birgə yaşamağı öyrənməlidir. Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik". Məlumdur ki, erməni diasporu təşkilatlanma səviyyəsinə, maliyyə resurslarına, təsir dairəsinə, lobbiçilik fəaliyyətinə görə kifayət qədər güclü hesab olunur. Erməni diasporu Ermənistan dövlətinin əsas maliyyə, siyasi, ideoloji dayağı, bu dövlətin Azərbaycanın və Türkiyənin maraqlarına zidd siyasətinin mühüm dəstəkçisidir. Lakin o da həqiqətdir ki, erməni diasporu ilə Ermənistan hakimiyyəti, bəzi hallarda Ermənistan əhalisi arasında çox ciddi fikir ayrılıqları, qarşılıqlı narazılıqlılar da mövcuddur və münasibətlərdəki bu boşluqlar zaman keçdikcə daha da dərinləşməkdədir. Ermənilərin Vətən Müharibəsindəki ağır məğlubiyyəti diaspor ilə erməni xalqı arasında dərin uçurumlar yaratdı. Bundan sonrakı dövrdə ermənilərdə sağlam düşüncə sahibləri yetişməli, ölkə siyasətində diasporun istəkləri deyil xalqın iradəsi, beynəlxalq hüquq və ədalət əsas rol oynamalıdır. Necə ki Vətən Müharibəsində Azərbaycan beynəlxalq hüququ və ədaləti əsas götürərək öz əzəli torpaqlarını işğaldan azad edərək əslində erməni diasporunu alçaldıcı məğlubiyyətə düçar etdi. Bütün dünyaya sübut etdi ki, hüquq və ədalətə dayanaraq bütün problemləri həll etmək mümkündür. Cənab Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, bu həmsədrlərindən biri olan ABŞ-a mühüm mesaj verərək bildirmişdir ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında ABŞ böyük rol oynaya bilər, çünki ABŞ dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. ABŞ-ın dəstəyi və ədalətli mövqeyi regionun inkişafını sürətləndirə bilər. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaqdır. ABŞ və onun kimi dünyanın aparıcı ölkələri öz potensiallarından istifadə edərək Ermənistanı revanşist fikirlərdən daşındırmaq, qonşuluq prinsiplərinə sadiq əməkdaşlığın vacibliyinə, regionda birgə layihələrdə iştirak edərək onsuz da müflisləşmiş Ermənistan dövlətinin inkişafının yalnız Azərbaycan dövləti ilə əməkdaşlığına inandırmalıdır. Çünki, Ermənistan anlamalıdır ki, regionda dinc yaşamaq, inkişaf etmək yalnız sülh şəraitində mümkün ola bilər. Əks halda “Dəmir Yumruğ”un daha nələrə qadir olduğunu yenidən görmək məcburiyyətində qalacaqlar.

Rafət Tağıyev
Neftçala rayon sakini, müəllim

 


Açar sözlər: