25.08.2021

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti

Bu gün demək olar ki, həyatın bütün sahələrində gördüyü humanitar işləri nəzərdən keçirərkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri müqayisəedilməz və ölçüyəgəlməzdir. Mehriban Əliyeva Ulu Öndərimizin vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaq missiyası kimi dərin məsuliyyətli işin daşıyıcısına çevrildi. Ulu Öndərin xatirəsini əbədiləşdirmək məqsədiilə 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin icraçısına çevrildi. Milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirmək Heydər Əliyev Fondunun yarandığı gündən əsas fəaliyyət istiqamətinə, prioritetinə çevrilmişdir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Prezidenti olaraq, cəmiyyətimizdə mövcud olan problemlərin çözülməsinə böyük diqqət ayırdı. Yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğı göstərməyi vacib hesab etdi. Azərbaycanda yayılan talassemiya xəstəliyinin qarşısının alınması məqsədi ilə 2005-ci ildən Mehriban xanım Əliyeva talassemiya problemlərinə həsr olunmuş "Talassemiyasız həyat naminə" layihəsini həyata keçirməyə başladı. Layihə çərçivəsində talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası üçün ilk dəfə olaraq Bakıda Talassemiya Mərkəzi inşa edilmişdir. 2009-cu ildən istifadəyə verilən Mərkəz bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynayır, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olur. Talassemiya Mərkəzində aparılan islahatlar, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində görülən işlər, mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün hazırlanmış tədbirlər talassemiyalı xəstələrin müalicəsində, eyni zamanda, profilaktikasında əhəmiyyətli rol oynayır. Belə bir mərkəzin inşası bu xəstəlikdən əziyyət çəkən uşaqların ümid yerinə çevrilib. Heydər Əliyev Fondu tərəfindən Bakı şəhərində Psixo-nevroloji Uşaq Evinin inşası Mehriban xanımın səhiyyə sahəsindəki ən böyük uğurlarından biridir. Bu gün eyni zamanda, Fondun təşəbbüsü ilə paytaxtda və regionlarda tibb müəssisələrinin yenidənqurma layihələri həyata keçirilir. Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına töhfələr verən Mehriban xanımın yorulmaz fəaliyyəti onu Azərbaycan xalqına çox sevdirib. Həyata keçirilən layihələr, təşəbbüslər, görülən işlər onu deməyə əsas verir ki, humanitar fəaliyyətin həqiqi elçisi, Azərbaycan xalqının sevimlisi, özündə bütün müsbət insani keyfiyyətləri birləşdirən, gözəl ana, gözəl ailə başçısı Mehriban xanımın bundan sonrakı fəaliyyəti də xalqımıza həsr olunacaqdır.

Elşən Ağalarov
Neftçala rayon sakini, müəllim