30.09.2021

Ermənistan hakimiyyəti terrora açıq dəstək verir

Təcavüzkar Ermənistan dövləti Azərbaycan dövləti qarşısında beynəlxalq hüquqi məsuliyyət daşıyır. Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə Ermənistanın 30 ilə yaxın müddətdə təbii sərvətlərimizə, habelə tarixi və mədəni irsimizə vurduğu ziyanı dəqiq hesablamaqdadır. Bundan əlavə, Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları kimi hüququn fərqli istiqamətləri üzrə də məsuliyyətə cəlb olunacaqdır. Bütün müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri məhz, ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olur. Ümumiyyətlə, mina problemi dünyada qlobal təhlükə sayılır. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir. Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı işğal altında saxladığı ərazilərimizi total şəkildə minalayıb. 44 günlük Vətən Müharibəsinin başa çatmasına baxmayaraq, minalanmış ərazilərin xəritələrini tam təqdim etməkdən imtina edir. Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının də mina xəritələrinin Azərbaycana verilməsi məhz cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Ermənilər müxtəlif bəhanələr gətirərək, həmin xəritələri bir müddət idi ki, Azərbaycana verməkdən imtina edir, daha çox vətəndaşımızın minalar nəticəsində həyatını itirmələrinə nail olmağa çalışırdılar: Ancaq onların bu arzusu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində iflasa uğradı. Heç şübhəmiz yoxdur ki, Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Baş verən son hadisələr bu fikri bir daha təsdiq edir. Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaqdır. Artıq deyə bilərik ki, bu ərazilərdə həyat öz axarına qayıtmaqdadır. Ötən müddət ərzində 150-dən çox mülki sakinimiz bu minaların qurbanına çevrilib, həyatını, sağlamlığını itirib. Hazırda minalardan təmizlənmiş ərazilərimizdə nəhəng layihələr həyata keçirilir. Fizulidə yeni tikilmiş beynəlxalq hava limanı artıq fəaliyyət göstərir. İşğaldan azad edilmiş ərazilərimizdə dəmir yol xətləri və avtomobil yolları inşa olunur. Məlum olduğu kimi, Azərbaycan işğaldan azad olunan ərazilərində törədilən vəhşiliklərə görə təzminat ödənilməsi üçün beynəlxalq məhkəmələrə müraciət edib. Mina xəritələrinin tam verilməməsi isə Ermənistanın boynuna düşən təzminatın daha da ağırlaşması deməkdir. Beynəlxalq konvensiyalara nəzər saldıqda görə bilərik ki, minaların basdırılması qanunsuz həyata keçirilib. Xüsusilə minalar basdırılarkən xəritələrin bilərəkdən hazırlanmaması bu millətin azğınlığından, vəhşiliyindən xəbər verir. Bu, azmış kimi, mənfur düşmən hətta əraziləri tərk etdikdən sonra da burada mina basdırmaq üçün cəhdlər edir. Bu ərazilərdə minalanmış sahələrin olması, sadəcə, Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda, bölgədə xidmət edən sülhməramlı qüvvələrə də təhlükədir. Əgər söhbət kommunikasiyaların açılmasından gedirsə, minalar gələcəkdə müəyyən ölçüdə Ermənistan vətəndaşları üçün də real təhdidə çevrilir. Ümumiyyətlə, bu, insanlıq əleyhinə cinayətdir.


Elşən Ağalarov
Neftçala rayon sakini, müəllim

 


Açar sözlər: