07.10.2021

Cəbrayılın düşmən işğalından azad olunması Müzəffər Ordumuzun böyük nailiyyətidir

   Şanlı tariximizdə bir çox böyük qələbələrimiz olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə xalqın birliyindən güc alan Müzəffər ordumuz 44 gün ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etməklə pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür. Vətən müharibəsinin elə ilk günündə Azərbaycan Ordusu Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etdi. Ardınca, aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 80 kəndi işğaldan azad edildi. Qeyd edək ki, 2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Beləcə Qalib Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla tamamladı və Cəbrayıl bütövlükdə azad edildi. 2020-ci il noyabrın 16-da cənab İlham Əliyevin işğaldan azad olunan Cəbrayıl rayonuna gələrək, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırması dünyaya gözəl bir mesaj oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev müasir dünyada haqq-ədaləti bərpa edən Lider kimi yaddaşlarda qaldı. Xudafərin körpüsü Azərbaycan tarixinin ən şərəfli səhnələrinə şahidlik etdiyi kimi, bu gün də özünün ən qürurlu, əzəmətli çağını yaşamaqdadır. Cəbrayılın azad edilməsində şücaət və qəhrəmanlıq göstərmiş hər bir hərbçimiz dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı gördü və görməkdədir. 2020-ci il noyabrın 26-da cənab Prezidentin Fərmanı ilə təsis edilmiş “Cəbrayılın azad olunmasına görə” medalı Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və qəhrəmanlıq göstərmiş Müzəffər Ordumuzun 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Beynəlxalq aləm Ermənilərin xeyirinə olan status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdı. Əksinə bu müddətdə Azərbaycan danışıqlarda hər zaman konstruktiv mövqe tutdu. Bundan istifadə edən düşmən daha da azğınlaşdı. Təsəvvürlərini reallığa çevirməyi qərara aldı. Lakin düşünmədi ki, qarşısında artıq çox güclü Azərbaycan dayanıb. Və bu onlara baha başa gəldi. Dəmir Yumruğumuzun altında əzilərək, tam məhv olmaqdan son anda qurtuldu və ağ bayrağı qaldırdı. Ölkəmiz isə səbrlə yanaşdığı münaqişənin həllini beynəlxalq hüquq çərçivəsində həll etdi. Ərazi bütövlüyünü bərpa etdi

                

   Elşən Ağalarov
   Neftçala rayon sakini, müəllim


Açar sözlər: