08.10.2021

Azərbaycan regionda və dünyada sülh və sabitliyin tərəfdarıdır

Azərbaycan Respublikası müstəqillik əldə etdiyi ilk gündən sərhədlərin toxunulmazlığı prinsipini daim prioritet olaraq görmüş, öz xarici siyasətini qonşularla və digər dövlətlərlə dinc yanaşı yaşamaq, dostluq və əməkdaşlıq təməlləri üzərində qurmağa təşəbbüs etmişdir. Azərbaycanın siyasi rəhbərliyi indiki Ermənistan ərazisi, Borçalı, Dərbənd və digər tarixi torpaqlarımızı geri qaytarmaq ambisiyası ilə heç vaxt populist çıxışlar etməmiş, xalqın milli hisslərini qonşulara qarşı düşmənçilik istiqamətində yönəltmək fikrindən tamamən uzaq olmuşdur. Təəssüf ki, xain qonşularımız özlərinin bilərəkdən saxtalaşdırdıqları tarixi məlumatları əsas götürüb, ərazilərimizi özlərinə qədim yurd yeri elan etdilər, açıq-aşkar soydaşlarımıza qarşı soyqırım və deportasiya siyasəti həyata keçirərək, onları indi Ermənistan adlanan qədim Çuxursəd yurdundan zorakılıqla qovdular. Bununla kifayətlənməyən düşmən özünün qərb müttəfiqlərinin hərtərəfli dəstəyi ilə ölkəmizin ağır vəziyyətindən istifadə edib, ötən əsrin 90-cı illərində BMT üzvü olarkən dünya dövlətləri tərəfindən tanınmış sərhədlərimizi keçərək, torpaqlarımızın bir hissəsini işğal etdilər. Ötən 30 ilə yaxın müddət ərzində təcavüzə məruz qalanla işğalçı arasında heç bir fərq qoymayan və işğalçını müdafiə edən ATƏT-in Minsk qrupu, BMT Təhlükəsizlik Şurası daim ikili standartlara əsaslanan siyasətə üstünlük verdilər. Prezident İlham Əliyevin təbirincə desək “Bütün təzyiqlərin kökündə o dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız. Siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq. Hədələyirdilər ki, müharibə başlasa biz yenə torpaq itirəcəyik”. “Dəmir yumruq” adlanan əməliyyat planı ilə Qəhrəman ordumuz torpaqlarımızı düşməndən azad etdikdə isə bizə xor baxan qurum və təçkilatlar artıq reallıqla barışmağa məcbur oldular. Ölkəmizin qüdrətini qəbul etdiklərini etiraf etdilər. İndi yaranmış yeni reallıq ondan ibarətdir ki, bölgədə postmüharibə dövründə birgə Türkiyə və Rusiya monitorinq mərkəzləri fəaliyyət göstərir. Hazırda sərhədlərimiz daxilində yaşayan kiçik qrup erməni millətinin təhlükəsizliyi öhdəliyini üzərinə götürən Rusiyanın həmin ərazidə tərəflərin birgə razılığı ilə sülhməramlı qüvvələri müvəqqəti yerləşdirilib. Sərhədlərin delimitasiya və demarkasiyası işləri ilə bağlı danışıqlar aparılır. Status məsələsi birdəfəlik həll olunub, belə bir məsələ artıq gündəmdə deyil. Azərbaycan sərhədləri daxilində heç bir millətə muxtariyyət vermək fikrində deyil. İşğaldan azad edilmiş ərazilədə geniş quruculuq işləri start götürmüşdür. Nəqliyyat-kommunikasiya qovşaqlarının açılması, logistik problemlərin həllində Azərbaycan Respublikası ciddi siyasi iradə nümayiş etdirir. 2020-ci il 10 noyabr tarixli bəyanatda ayrıca göstərilən bu problemin asan həll yolu olduğu halda, erməni siyasi dairələri məsələni düyünə salmaq, regionda gərginliyin saxlanılmasında maraqlı olan qüvvələrdən istifadə etməklə qarışıqlıq yaratmaq yolunu tutmuşdur. Təəssüf doğuran hal ondan ibarətdir ki, qonşulara qarşı ərazi iddiasında olan və müsəlman dini- memarlıq abidələrinə və müsəlman əhaliyə qarşı təhqiramiz davranışları ilə özünü tanıtmış işğalçı Ermənistana dost və qonşu İran dövlətinin hərtərəfli yardımı hələ də davam edir. Üstəlik bu yardımı Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçərək daşımaq xalqımıza qarşı həm də hörmətsizlik kimi dəyərləndirilir. Daha bir təəssüf doğuran məsələ isə Naxçıvana strateji yüklərin daşınmasını həyata keçirən Azərbaycanın hərbi nəqliyyat təyyarələri üçün İranın öz hava məkanını bağlaması olmuşdur. Halbuki 2000-ci illərin əvvəllərində ABŞ dövlətinin qonşumuza qarşı aqressivliyinin pik həddində Azərbaycan Respublikasının prezidenti açıqcasına, qətiyyətlə bəyan etmişdi ki, ölkəmizin ərazisindən 3-cü dövlətə qarşı hücüm əməliyyatlarına icazə verilməyəcəkdir. Ümid edirik ki, qonşularımız tarixi əlaqə və strateji tərəfdaşlıq münasibətlərimizə yeni baxış bucağından yanaşmaqla mehriban qonşuluq siyasətinə üstünlük verəcəkdir. Hesab edirəm ki, 30 milyan azərbaycanlının yaşadığı İran bu məsələdə tam ağılla hərəkət edəcək, yüksək tonunu aşağı salacaqdır. Çünki, onun normal qonşuluq siyasəti yürüdən Azərbaycana qarşı başqa münasibəti dünya tərəfindən, Azərbaycanın dostları tərəfindən şiddətlə qınanacaqdır. Bu isə İrana və onun müdafiə etdiyi Ermənistana heç də uğur gətirməyəcəkdir. Azərbaycan Respublikası bütün dövrlərdə qonşuları ilə sülh və əməkdaşlıq şəraitində yaşamağı, iqtisadi inkişafa və sabitliyə nail olmağı öz xarici siyasətində prioritet istiqamət hesab etmişdir. Dinc quruculuğa istiqamətlənmiş bu siyasət indi də davam etdirilir və əminliklə demək olar ki, onun müsbət nəticələri region dövlətləri də daxil olmaqla bölgədə iqtisadi inkişafa və siyasi sabitliyə təminat verəcəkdir.

Firdovsi Tağıyev
            Neftçala rayon sakini, ziyalı, müəllim

 


Açar sözlər: