12.11.2021

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 26 il keçir

    1995-ci il-də ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası Dövlətimizin əsas qanunudur. 1918–1920-ci illərdə 23 ay mövcud olmuş müasir Azərbaycanın xələfi Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu-Konstitusiyanı qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi məhz, SSRİ-nin tərkibində olduğu dövrə aiddir. Belə ki, təbii olaraq müxtəlif vaxtlarda SSR Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikalar öz qanunlarını həmin qanuna uyğunlaşdırmalı idilər. Bu baxımdan Azərbaycan SSR-nin birinci Konstitusiyası 1921-ci ildə, ikinci 1937-ci il, üçüncü-sonuncu isə 1978-ci il tarixdə qəbul edilmişdir. 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikasının Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müstəqil Ölkənin yeni, mütərəqqi ideya və hüquqlarla zəngin Konstitusiyanın hazırlanması zərurəti yarandı. Hərçənd ki, bu istiqamətdə müxtəlif vaxtlarda iki komissiya yaradılsa da, zəif rəhbərlik, səriştəsiz hakimiyyət, ölkədə baş verən proseslər, xaos müstəqilliyini bərpa etmiş Ölkəmizin ana qanununun yaradılmasına, qəbul edilməsinə imkan vermədi. Müasir Azərbaycanın qurucusu bu taleyüklü məsələni də öz çiyinlərində daşıdı. Məhz sədrliyi və rəhbərliyi ilə müasir Azərbaycanın Konstitusiya layihəsi üzərində işlənməyə başlandı. Yaradılmış Komissiya qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, özülündə xalq dayanan, demokratik inkişafa, cəmiyyətin siyasi, sosial, mədəni rifahına xidmət edən, ən inkişaf etmiş dövlətlərin idarəçilik modellərinin tətbiq edildiyi, qanunun ali olduğu Konstitusiya yaradılmasına nail olundu. Əvvəlcə ümumxalq müzakirəsinə buraxılmış layihə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı Seçicilərin yekdilliklə “hə” dedikləri Referendum nəticəsində müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanı Respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd ola bilməz. Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli Lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ümummilli Lider dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə, ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarının hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illərölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı. Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

Mübariz Tağıyev

Neftçala rayon sakini, müəllim


Açar sözlər: